HƏCC Ziyarətində İnfeksiyaya Yoluxma Risklərinə Dair Tibbi Məlumatlar:

Həcc ziyarəti İslam dinin sütunlarından biridir. Son illər Azərbaycandan müqəddəs torpaqları ziyarət edən insanların sayı artır. Həcc ziyarətinin yerinə yetirilməsi barədə Azərbaycan dilində bir çox çap və elektron informasiya mənbələri var. Bizim məqsədimiz həcc ziyarətinin tibbi xüsusiyyətlərindən danışmaqdır.
Zəvvarlar qısa müddət ərzində fərqli yaşam şəraitinə düşür (hava, su, qida) və burada həcc ziyarətinin vacib şərtlərini yerinə yetirirlər. İsti hava şəraitində uzun məsafələri qət etmək, kütlə arasında olmaq bəzi insanlar üçün çətin olur. Ziyarətə gedən bütün zəvvarlardan sağlamlıq haqqında arayış tələb olunur, lakin buna baxmayaraq bəzi tibbi məsələlər diqqətsiz qalır.


A.Peyvəndlər
Səudiyyə Ərəbistanın Kralığı səhiyyə təşkilatının (Ministry of Hajj) tövsiyələrinə əsasən hər bir zəvvar:
•Meninqokok infeksiyasına qarşı peyvənd olunmalıdır. Bu peyvəndin vurulması ziyarətin başlanılmasından ən az dörd həftə öncədən tövsiyyə olunur.
•Bundan əlavə Virus Hepatitləri A və B və qrip (influenza) virusuna qarşı immunizasiya məsləhət görülür.
•Yaşları 60-dan çox olan və xroniki ağciyər xəstəliklərindən əziyət çəkən zəvvarlara Pnevmokok peyvəndinin vurulması tövsiyə olunur.

B.Ümumi məsləhətlər:
1.Ziyarət vaxtı uzun məsafələri yeriyərək qət etmək lazımdır. Bununla əlaqəli olaraq ürək –damar və tənəffüs sistemi problemləri olan zəvvarlar əvvəlcədən həkimlərindən məsləhət almalıdırlar. Bu yüruşlərin isti hava şəraitində olacağını da nəzərə almalıdırlar.
2.Qızmar günəşdən qorunmaq üçün qoruyucu kremlər ,çətir, günəş eynəkləri istifadə etmək məsləhət görülür.
3.Ziyarətə hazırlıq dönəmində öz diş həkiminizə görünməniz məsləhətlidir. Ziyarət zamanı zəvvarlarda yaranan problemlərdən biri də gözlənilmədən ortaya çıxan diş ağrısıdır.
4.Görmə problemləri ilə əlaqədar eynək istifadə edən zəvvarlara özləri ilə ehtiyat üçün iki eynək götürməkləri məsləhət görülür.
5.Həcc vaxtı bir çox ölkələrdən minlərlə zəvvarlar eyni yerlərə toplaşırlar və burada əsasən hava-damcı yolu ilə yoluxan xəstəliklərin riski artır. Son zamanlar yayılan xəstəliklərin çoxu viruslar tərəfindən törədilir və təəssüf ki bu xəstəliklərə qarşı peyvəndlər yoxdur. İnsan sıxlığı müşahidə olunan yerlərdə mütləq qoruyucu maskalardan istifadə edin. Çalışın əllərinizi tez-tez yuyasınız . Əllərinizi yumadan ağzınıza və burnunuza vurmayın. Əl dezinfektantlarının tərkibində alkohol olduğu üçün bunların istifadəsi barəsində dini rəhbərinizə sual verməniz yaxşı olar.
6.Özünüzə rahat və asan geyinib, çıxara biləcəyiniz ayaqqabı seçin. Ziyarət vaxtı piyada gəzməklə bərabər, tez-tez məscidlərə girərkən ayaqqabıları çıxarmaq məcburiyyətində olacaqsınız (yeni, geyinmədiyiniz ayaqqabı götürmək məsləhət deyil)
7.Şəkərli diabet xəstələri ayaqqabı seçimində daha diqqətli olmalıdır. Bu xəstələrdə ayaqda infektə yaraların yaranma riski yüksək olur.
8.Ziyarət zamanı bir çox zəvvarlarda günün sonuna doğru ayaqlarda şişkinlik yaranır. Bunun qarşısını almaq üçün gecə uzandığınız zaman ayaqların altına bir əşya qoyaraq onları yuxarı səviyyədə saxlamağınız məsləhət görülür.

C.Dərmanlar
1.Dərman tədarükü çox vacibdir! Gündəlik qəbul etdiyiniz dərmanları mütləq ziyarət zamanı da davam etməlisiniz. Çalışın dərmanlarınızı əl çantanızda saxlayasınız.
2.Əgər tibbi göstərişlə morfin tərkibli dərmanlar istifadə edirsinizsə, çalışın getməmişdən bu dərmanı başqa dərmanla əvəz edəsiniz. Morfin tərkibli dərmanlar SƏK istifadəsi qadağan olan dərmanlardır. Əgər bu mümkün deyilsə, həkimin imzası və möhürü olan resepti özünüzlə götürün.
Aşağıda qeyd olunan preparatları götürmək məsləhət görülür:
1.Əgər hər hansı tibbi səbəbdən dərman qəbul edirsizsə (təzyiq, şəkər, zob və s.) bu dərmanlardan yetəri miqdarda özünüzlə götürməlisiniz. Əlavə olaraq mütləq bu dərmanlara aid reseptləri götürməyi də unutmayın. Dərmanların fərqli ölkələrdə satış adlarında fərq olur. Burada bir adla satılan dərman SƏK başqa adla satıla bilər. Buna görə reseptlərdə dərmanların tərkib hissəsi olan kimyəvi preparatın adı qeyd olunmalıdır.
2.Parasetamol (asetaminofen)
3.Fərqli adlarla satışda olan soyuq dəymə zamanı istifadı olunan dərmanlar (Coldrex, fervex və s)
4.Oynaqlarda problemləri olan şəxslər üçün ağrı kəsici və iltihaba qarşı məlhəm (uzun məsafələri piyada qət edəndən sonra istifadə etmək üçün)
5.Əvvələr istifadə etdiyiniz hər hansı bir antibiotik (həkim məsləhətilə)
6.İmodium –bu dərman preparatı SƏK satılmır, lakin mədə -bağırsaq pozğunluqlarında istifadə olunur. Gedərkən özünüzlə götürsəz daha yaxşı olar.
7.No-spa

D.Tez-tez baş verən tibbi problemlər:
1.Ziyarət zamanı ən çox rast gələn tibbi problem mədə -bağırsaq sisteminin pozulmasıdır. Bunun əsas səbəbi düzgün şəraitdə hazırlanmamış qida məhsullarının qəbuludur.
Ziyarət vaxtı əsasən ət, süd və yumurta kimi məhsulların soyuq şəraitdə saxlanılmaması və yetərli qədər bişirilməməsi, bişmiş məhsulların açıq və isti şəraitdə uzun müddət saxlanılması zəvvarlarda problem yaradır.
İçdiyiniz suya da xüsusi diqqət etməlisiniz.
Bu problemlərdən qorunmaq üçün aşağıdaki məsləhətlərə əməl edin:
•Əllərinizi qida qəbulundan əvvəl və sonra yaxşı yuyun
•Təmiz yerlərdə yeyin, yeməkləri qarışdırmayın , çox yeməyin
•Çalışın termik təsirə məruz qalmamış (bişməmiş,çiy) qidalardan az istifadə edəsiniz. Məsələn salatların hazırlanmasında istifadə olunan ərzaqların yaxşı yuyulması çox vacibdir. Çünki bu qida məhsulları yüksək temperatura məruz qalmır və üzərindəki mikroblar və ya qurd yumurtaları ilə insanların yoluxmasına səbəb olur.
•Meyvələrin qabığını soyaraq istifadə edin
•Sadəcə hazır qablaşdırılmış su için
2.Gün vurma
Uzun məsafəyə çıxacağınız halda özünüzlə su və çətir götürün. Bədəninizin açıq sahələrinə günəşə qarşı krem sürtün. Günorta vaxtı bol maye qəbul edin.

3.İnfeksiyon xəstəliklər
•Hepatit A və Qarın yatalağı- bu xəstəliklər əsasən qida məhsulları və kontakt vasitəsi ilə yoluxur. Yuxarıda qeyd etdiyimiz əl yuma və qida qəbulu qaydalarına riayət etsəniz bu xəstəliklərdən qorunarsınız. Bu xəstəliklərə qarşı peyvənd var.
•Hepatit B- Virus əsasən qanla yoluxur. Düzgün şəraitdə aparılmayan tibbi (iynə vurmaq, stomotoloji müdaxilələr və s) müdaxilələr zamanı və şəxsi gigiyena əşyalarını başqaları ilə paylaşan insanlarda yoluxma riski var. Bu xəstəliyə qarşı peyvənd var.
•Difteriya xəstəliyi hava –damcı yolu ilə yoluxur (xəstə asqıran və öskürən zaman).Difteriya və Tetanusa qarşı Azərbaycan vətəndaşları 1 yaşa qədər və 6 yaşda peyvənd olurlar.
•Malyariya və Sarı qızdırma xəstəlikləri ilə SƏK ərazisində xəstələnmə risk çox aşağıdı. Bu xəstəliklərə qarşı hər-hansı bir profilaktik tədbirə ehtiyac yoxdur.
•Meninqokok Meningiti- xəstəlik hava-damcı yolu ilə yoluxur. SƏK səyahət edən şəxslərə bu xəstəliyə qarşı peyvənd olunmaq məsləhət görülür.
Allah bütün zəvvarlarımızın ziyarətlərini qəbul etsin!!

Dr. Yaqut Qarayeva
AZDAS-İB İdarə Heyəti üzvü
MKX İnfeksion Kontrol şöbə müdiri